20 Noyabr 2021

Frilanserləri gözləyən 5 ölkə — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

İki ildir lokdaunların biri gəlir, biri gedir. Ofislər açılır və bağlanır. Ölkələr gündə bir yeni qayda ilə hamını çaş-baş salır. Bu qarışıqlığın arasında bəzi ölkələr frilanserlər üçün şərait yaradır. Onlar, əlbəttə, əslində bu şəraiti pul qazanmaq üçün yaradır, amma hər ehtimala qarşı, danışaq. Bəlkə sizə maraqlı və ya uyğun oldu. Həyatınızın yaxşı tərəfə doğru dəyişməsində bizim də iştirakımız olsa, çox sevinərik. Başlayaq!

Gürcüstan

Gürcüstan 95 ölkənin vətəndaşlarəna (Azərbaycan da bu siyahıdadır) frilanser vizası verməyə hazır olduğunu deyir. Viza 6 aylıq və ya bir illik ola bilər. Ölkələrin tam siyahısına buradan baxa bilərsiniz. Deməli, bu vizanı almaq üçün ayda 2000$ pul qazandığınızı göstərən sənədləri təqdim etməlisiniz. Fikrimizcə, Azərbaycan vətəndaşlarına bu viza lazım deyil.

Əgər Azərbaycan vətəndaşısınızsa, Gürcüstana heç bir viza olmadan da gedə bilərsiniz və ölkədə 90 gün qala bilərsiniz. Bəs sonra? Sonra isə sərhədi keçib, qayıdıb daha 90 gün qala bilərsiniz. Bunu ürəyiniz istədiyi qədər edə bilərsiniz. Hal-hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğundan, 90 gündən sonra Bakıya uçub və geri dönə bilərsiniz, əgər uçmaq istəmirsinizsə, quru sərhədlə Türkiyəyə keçib və Gürcüstana qayıda bilərsiniz. Əgər frilanser deyilsinizsə və Gürcüstanda işə düzəlmək istəyirsinizsə, bu da problem deyil. Gürcüstanda «iş icazəsi» almağa gərək yoxdur. Xaricilər rahatlıqla işə düzələ bilər. Amma, gürcü dilini bilmədən bu ölkədə işləmək çox çətindir.

Banklarda da xarici vətəndaşlar rahatlıqla özünə hesab aça bilər. Əgər ölkədə biznes açmaq istəsəniz də problemsiz həll edə biləcəksiniz. Sadəcə ədliyyə nazirliyinə gedib arizə yazmalı və rüsum ödəməlisiniz.

Gürcüstana giriş qaydaları: əgər vaksinin ikinci dozasından 14 gün keçibsə, tes vermədən gedə bilərsiniz. Əgər vaksinsiz getmək istəyirsinizsə, uçuşdan öncə və ölkəyə gəldikdən 3 gün sonra yenidən test verməlisiniz.

Estoniya

Pandemiya dövründə Estoniya da «digital nomad»-lar üçün xüsusi viza təklifi hazırlayıb. Viza illik verilir. Qiyməti 100 avrodur və onu almaq üçün siz frilanser olduğunuzu sənədlərlə təstiq etməlisiniz. Aylıq gəliriniz minimum 3405 avro olmalıdır. Əlavə çətinlik isə ölkəyə giriş qaydalarındadır.  Estoniyaya yalnız kovid göstəriciləri aşağı olan və Avropa ölkələri vətəndaşları buraxılır. Estoniyanı seçməkdən əvvəl səfirliklə mütləq əlaqə saxlayıb yeni qaydaları dəqiqləşdirmək lazımdır. «Digital nomad»-lar üçün xüsusi viza haqqında ətraflı məlumatı buradan oxumaq olar.

Estoniya səfirliyi 

Ünvan: Cəfər Cabbarlı küçəsi, 44 (Caspian Plaza)

Telefon: (012) 436 67 78

Dubay, Birləşmiş Ərəb Əmirlikləri

Pandemiya dövründə Dubay turistləri yenidən qəbul edən ilk əmirlik oldu. Elə frilanserlər üçün illik vizanı da ilk Dubay tərtib etdi. Vizanın qiyməti 287$-dır və onu almaq üçün aylıq gəliriniz 5000$-dan başlamalıdır. Gəlirinizi göstərmək üçün bankdan çıxarış da tələb edirlər. Biraz qəlizdir. 5000$-dan az qazanırsınızsa, Dubayı gəzməyi, iş üçün isə başqa yer seçməyi məsləhət görürük. Dubay haqqında ətraflı məqaləmiz də var — burada.

Barbados

Bu ekzotik ölkə də frilanserlər üçün xüsusi proqram hazırlayıb, amma bir az ağını çıxarıb. İllik viza rüsumu bir nəfər üçün 2000$, ailələr üçün isə 3000$. Əlavə olaraq, gəliriniz ildə 50000$-dan artıq olmalıdır. İşdir, birdən maraqlı olsa, buradan ətraflı məlumata baxa və anketi doldura bilərsiniz. Nəzərinizə çatdırırq ki, Azərbaycan vətəndaşları Barbadosda vizasız 28 gün qala bilər.

Antiqua və Barbuda

Bu ölkənin adını ilk dəfə eşidirsinizsə, bilin — sizi heç qınamırıq. Buradan ətraflı məlumata baxa bilərsiniz. Bu ölkə də Barbados kimi ağını çıxarıb, amma, heç olmasa, 2 illik viza verir. Bir nəfərlik vizanın qiyməti 1500$, iki nəfərlik 2000$, ailəvi vizanın qiyməti isə (3 nəfər və daha çox) 3000$. Antiqua və Barbudanın da frilanser vizasını almaq üçün illik gəliriniz 50000$-dan yuxarı olmalıdır. Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səyahət edə bilər. 30 günədək müddət ərzində viza tələb olunmur.

 

Beləliklə, frilanserlərə viza təklif edən 5 ölkənin qaydaları ilə tanış olduq. İndi isə sizə iki faydalı link məsləhət görmək istəyirik:

  1. Buradan Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısına baxa bilərsiniz;
  2. Buradan bütün ölkələrin kovidlə bağlı giriş qaydalarına baxa bilərsiniz.

Xoş səyahətlər arzu edirik! Hələlik!

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy