Bu il may ayında xeyli bayram günü var. Bayramları Gürcüstanda keçirməyə nə deyirsiniz? Gəlin, sizə bu ölkə haqqında ətraflı danışaq. Ürəyinizə yatacaq bizcə.
Deməli, Gürcüstanda nə etmək olar:
- Səyahətə az pul xərcləmək
- Yaxşı gəzmək
- Dadlı yemək
- Evlənmək!
İndi bu bəndlər haqqında ətraflı danışaq.
Giriş qaydaları və sayahət xərcləri
Hal-hazırda Gürcüstana ancaq hava yolu ilə gəlmək olar, yerüstü sərhədlər bağlıdır. Ölkəyə giriş üçün artıq vaksin məcburi deyil,neqativ test cavabı kifayətdir. Gürcüstana gəldikdən 3 gün sonra yenidən test verməlisiniz və testin cavabını özünüdə səyahətin sonunadək saxlamalısınız.
Gürcüstana birbaşa uçuşları Buta Airways yerinə yetirir. Uçuşlar həftədə 3 dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilir. Qiymətlər digər istiqamətlərə nisbətən münasibdir. Məsələn indi (qiymət məqalənin yazıldığl vaxta etibarlıdır, linkdən keçərək aktual qiymətə baxa bilərsiniz) bayram günlərində Bakı-Tbilisi-Bakı bileti 349 manatdır. Mayın sonuna, iyuna və s. daha ucuz biletlər də tapmaq olar.
Tbilisi özü Bakıya nisbətən ucuzdur. Dəqiq desək, Bakıdan 15% ucuzdur. Hal-hazırda 1 azn 2 laridir, lap manatın salamaq vaxtlarında olduğu kimi (dolların 0,78 vaxtlarını deyirik). Restoranlarda və mağazalarda gördüyünüz bütün qiymətləri ikiyə bölüb manata çevirə bilərsiniz.
Ortalama qiymətlərə gəldikdə isə, iki nəfərə normal kafedə tutumlu nahar yeməyi hardasa 20 manata başa gələ bilər. Daha ucuz da həll eləmək olar məsələni.
Gecələmə imkanlarının sayı çoxdur. Hostellər, otellər, xudmanı mənzillər — nə desəniz var. İndi turistlərin də sayı azdır, bir çox yer boşdur. Qiymətlərə booking.com saytından baxa bilərsiniz.
Gəzməli yerlər
Gürcüstan elə başdan-ayağa gəzməli yerdir. Marşrutu qurmaq üçün nəyi sevdiyinizə diqqə yetirin. Dənizi sevirsiniz? Batumiyə üz tutun. Şəhərləri sevirsiniz? Tbilisi, Kutaisi, Batumi sizi gözləyir. Dağları sevirsiniz? Kazbegi, Uşquli, Martvili — hamısı sizin. Tarixi sevənlər üçün isə bütün Gürcüstan uyğundur. Hər yerdə maraqlı tarixi abidələr və kilsələr var.
Bax, əgər deyirsinizsə ki, özümüzün təbiətimiz də var, şəhərimiz də, dənizimiz də və başqa cür maraqlı bir yer axtarırsınızsa Tsxaltuboya üz tutun. Burada bir çox atılmış köhnə sanatoriyalar var. Ağaclar və yaşılllıq artıq binaların içində belə bitir. Çox maraqlı atmosferi olan bir yerdir!
Sözümüzün canı odur ki, özünüzə «mən nə istəyirəm» sualına cavab verib üz tutun «google»-a. Gürcüstan haqqında tonlarla məlumat tapacaqsınız. Ürəyinizə yatan marşrutu özünüz qura biləcəksiniz.
Gürcü mətbəxi
Xaçapuri və gürcü xingalını tanımayan adam yoxdur, ona görə bu iki yemək haqqında ətraflı danışacayıq. Bu biliklərlə
Xaçapurinin növləri:
İmeruli
Üstü bağlı, içi pendirli, adi xəmirli.
Meqruli
İçi və üstü pendirli, adi xəmirli
Acaruli
Qayıq şəkilli, üstü açıq, pendirli, adi xəmirli. Hazır olana yaxın üzərinə «qlazok» yumurta vurulur
Penovani
Məktəbdə və kiosklarda aldığınız o qat-qat xəmirli xaçapuri yadınızdadır? Bax o penovani adlandırılır Gürcüstanda. Amma üçbucaq və ya konvert formasinda yox, adi dördbucaq formasında. Və içində pendir hiss olunur (məktəb bufetində olandan fərqli olaraq).
Gürcü xəngəli
Xəngəl də fərqli olur. Əvvəla, kənd və şəhər xəngəli fərqlənir. Kənd xəngəlinin içliyi yalnız soğanla döyülmüş ətdir. Şəhər xəngəli isə «kalaxuri» adlanır və içliyinə göyərti və ədviyyat da əlavə olunur.
Evlənmək məsələsi nə söhbətdir?
Hə, indi keçirik bu məsələyə. Gürcüstan xarici vətəndaşları da evləndirir. Bunun üçün nə etmək lazımdır?
⠀
Gedirsiniz sevgi şəhəri sayılan Siqnaxiyə (çox gözəl yerdir!), zaqs idarəsini tapırsınız, pasportunuzu verirsiniz, 51 lari rüsum ödəyirsiniz. Hazır! Sizi aparırlar təntənəli mərasim zalına, evləndirirlər və gözəl (qızılı yazılarla) evlilik şəhadətnaməsi verirlər! Allah xoşbəxt eləsin deyib, yola salırlar.
«Bu zaqs kağızı Azərbaycanda keçərlidir?» sualı yarandısa, cavablandırırıq. Deməli aparırsınız bu sənədi özünüzlə Tbilisiyə, gedirsiniz Gürcüstanın ədliyyə nazirliyinə, 10 manat rüsum ödəyirsiniz və 8 gündən sonra apostil olunmuş sənədinizi sizə qaytarırlar. Belə.
Bu evlilik məsələsinin bir əmması var ki, gəlini və ya bəyi özünüzlə gətirməlisiniz. Yerində tapmaq uzun çəkər. Bunun tanışlığı var, elçiliyi var. Dil bilmirsinizsə, «vapşe» uzanacaq.
Necə deyərlər, bu günlük bu qədər. Hər birinizə xoş səyahətlər arzu edirik! Məqaləni oxuyub Gürcüstana getmək həvəsinə düşsəniz, sonra bizə də tətil şəkillərinizi göndərin — like edək!