13 May 2021

İstanbulda "shopping". Birinci hissə: alış-veriş mərkəzləri — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Sevdiyimiz İstanbulun gəzməli yerləri çoxdur. Bu şəhərdə alış-veriş ayrı bir zövqdür! şəhərin bəzi bazarları belə “UNESCO” tərəfindən qorunur, amma bazarlar haqqında gələn həftə söhbət edəcəyik. Bu gün mövzumuz alış-veriş mərkəzləridir.

Məhdudiyyətlər olmayanda alış-veriş mərkəzləri 10:00-22:00 arası işləyir. 30-70% arası endirimlər İstanbulda İyul-Sentyabr və Yanvar-Fevral aylarında olur. Hər il iyul ayında isə İstanbulda bir çox alış-veriş mərkəzinin və bazarın iştirak etdiyi “shopping” festivalı keçirilir. Şəhərdə alış-veriş mərkəzi həddindən artıq çoxdur, amma məhz bu mollar xüsusi diqqətə layiqdir:

Forum İstanbul — əla alış-veriş mərkəzidir! Burada 300 mağaza var. Bayrampaşa tərəfdə, Kocatepe metrostansiyanın yaxınlığında yerləşir. Mərkəzin əsas üstünlüyü ondan ibarətdir ki, içərisində Okeanarium var və uşaqlarla gəlmək üçün çox əlverişlidir. Bu yer haqqında rəylər çox pozitivdir. Okeanariuma giriş böyüklər üçün 65 tl (13 azn), uşaqlar üçün 45 tl (9 azn) təşkil edir. Əlavə olaraq, “Forum”-da əyləncə parkı, kinoteatr, boulinq, kafe və restoranlar, “Ikea” və “Koçtaş” hipermarketləri yerləşir. 

Cevahir – altımərtəbəli alış-veriş mərkəzi, Şişli və Mediciyeköy metrostansiyalarının yaxınlığında yerləşir. Mərkəzdə 350 mağaza var. Maşınla gəlsəniz də, yer tapacaqsınız, çünki 2500 maşınlıq “parking” var. Restoranlar və kafelər də öz yerində.

Kanyon mall – Levent metrostansiyası yaxınlığında yerləşir, Şişli rayonunda. Bina dörd mərtəbəli kanyon formasında inşa edilib. Burada 150 mağaza yerləşir. “Agent Provocateur” və “Karl Lagerfeld” kimi brendlər də çoxdur, onlar “Harvey Nichols” zonasında yerləşir. Mərkəzdə “mass market” seqmenti mağazaları da çoxdur, böyük kitab zonası da var. Binanın içi bir çox fontanlar və yaşıllıqla dizayn edilib.

Zorlu Center – Beşiktaşda, Gayrettepe metrostansiyanın yaxınlığında yerləşir. Nisbətən yeni alış-veriş mərkəzidir, futuristik stildə inşa edilib. İçəridə iki yüzə yaxın lüks və orta seqment brendi yerləşir. Burada “Raffles Istanbul” oteli yerləşir. Şəhər yalnız “shopping” üçün gəlirsinizsə, ideal variantdır. Əlbəttə, “Zorlu”da kafelər, restoranlar, kinoteatr, supermarket, konsert zalı da var.

İstinye Park – İstanbul dəbinin mərkəzi hesab edilir. Məhz burada «Armani», «Chanel», «Christian Louboutin», «Gucci» və sair lüks brendlərin yenilikləri ilk olaraq satışa çıxarılır. Mərkəz turistik yerdə deyil, Sarıyer rayonunda, İtü Ayazağa metrostansiyası yaxınlığında yerləşir. 2007-ci ildən fəaliyyət göstərir. Burada yalnız lüks və orta seqment mağazaları təqdim olunub, “mass market” yoxdur. Mərkəzdə idman zalı, kinoteatr, kafelər və restoranlar, gül mağazaları da var.

Historia Shopping and Life Center — Aksaray metrostansiyası yaxınlığında yerləşir. Turistik mərkəzdə yerləşdiyindən, bu alış-veriş mərkəzinə getmək çox asandır. Eminönü və Fatihə yaxındır. Burada yemək zonası, kitab mağazaları, bankomatlar, avropa və yerli brendlərin mağazaları yerləşir.

Demirören İstiklal – Taksimdə yerləşən alış-veriş mərkəzi. Bu balaca “mall” şəhərin ən populyar turistik küçəsi olan İstiklalda yerləşir. Demirören üç mərtəbədən ibarətdir: birinci və ikinci mərtəbələrdə 11 mağaza, üçüncü mərtəbədə isə yemək zonası yerləşir. Ümumiyyətlə, Taksim turistik alış-verişi üçün ideal yerdir. Burada həm balaca “kitay” brendləri, həm də yerli və avropa brendlərinin mağazaları var. Suvenir mağazaları və kafelər də öz yerində. Amma bir məqama da diqqət yetirmək lazımdır ki, bu rayon turistik olduğundan qiymətləri də bəzi bazarlardan və alış-veriş mərkəzlərində yüksək ola bilər.

Aqua Florya – İstanbul Akvaryumun yanında yerləşir. Turistlər arasında bu mərkəz məhz çimərliyə və akvariuma yaxın olduğuna görə populyardır. “Aqua Florya”-nın dizaynı müasir və rahatdır, mağazaların sayı çoxdur və hər zövqə uyğun brend tapmaq olur. İçəridə restoranlardan tutmuş, gözəllik salonları və moda nümayişi salonlarınadək hər şey var.

Akasya – Asiya tərəfində, Üsküdarda yerləşir. Burada həm lüks, həm də “mass-market” markalarının mağazaları var. Ünalan və Acıbadem metrostansiyalarına yaxındır.

Büyük Beşiktaş çarşısı – adından göründüyü kimi, Beşiktaş rayonunda, sahildə yerləşir. Dolmabahçedən piyada çatmaq olar. Burada dünyaca məşhur brendlərin “poddelka”-larını tapa bilərsiniz. Qiymətləri də çox münasibdir! Keyfiyyət də pis deyil, orijinala çox oxşayır. Bakıda gördüyünüz brend malların kopyalarının çoxu elə buradan topdan alınıb satış üçün gətirilir.

Mall of İstanbul – Başakşehirdə, Süleyman Demirel bulvarında yerləşir. İkitelli və İstoç metrostansiyalarına yaxındır. 350 mağazası, kinoteatrı və uşaqlar üçün böyük əyləncə parkı var.

Akmerkez – İstanbulun ilk alış- veriş mərkəzlərindən biri. Dördmərtəbəli mərkəzdə 250 mağaza, konsert zalı və kafe yerləşir. Beşiktaşda, Nispetiye metrostansiyası yaxınlığında yerləşir.

Metrocity – Levent metrostansiyasının yaxınlığında yerləşir. Yerli əhali arasında çox populyardır, çünki çox uyğun qiymətləri və yaxşı keyfiyyəti olan mağazaları var. 4 mərtəbədə 150 mağaza yerləşir.

Optimum Outlet – adından göründüyü kimi, böyük outletdir. Burada məşhur brendlərin köhnə kolleksiyaları yaxşı endirimlərlə satılır. Ən yaxın metrostansiya – Yenisahra.

Böyük alış-veriş mərkəzləri haqqında bu dəfəlik bu qədər. Gələn həftə İstanbul bazarları (çarşıları) haqqında məqaləmiz olacaq. Hələlik isə, İstanbulda otel seçimi etmək üçün şəhərin bölgüsü haqqında buradan oxuya bilərsiniz.

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy