27 Yanvar 2022

Parisi görmək və borca girməmək: Parisdə necə qənaət etmək olar? — Bloq aviasales.az

aviasales
aviasales
Поделиться
Поделиться

Avropa səyahətləri adətən baha başa gəlir — amma ən azı bir dəfə bunu etməyə dəyər. Sonra yaşlananda nəvələrinizə danışacaqsınız. Parisi xüsusən məsləhət görürük. Şəhər maraqlıdır, gözlədir və heç də ucuz deyil. Amma burada da qənaət etmək olar. Necə? Danışırıq.

Biletləri əvvəlcədən alın

Pandemiya dövründə çox adam səyahətdən xeyli əvvəl bilet almağdan çəkinir, bilirik. Amma biletlər nə qədər tez alınsa, bir o qədər ucuz başa gələ bilər. Rahat olmaq üçün bileti almaqdan öncə aviaşirkətin saytında reys təxirə düşdükdə biletlərin qaytarılması qaydaları ilə tanış olun.

Əlavə məsləhət: “Wizz Air” biletlərinə baxın, hal-hazırda Bakı-Budapeşt reysləri var, Budapeştdən tranzitlə də Parisə uça bilərsiniz. Bir neçə axtarış edib, biletlərin qiymətlərini müqayisə etməkdən çəkinməyin.

Taksidən imtina edin, ictimai nəqliyyatdan istifadə edin

İctimai nəqliyyət sistemi burada əla inkişaf edib — həm şəhərdaxili avtobus marşrutları, həm metro, həm də sizi şəhərdən kənara aparacaq “RER”-lər. “RER” Parisin daxilində və yaxın regionlara gedən qatarlardır.

İctimai nəqliyyatda da qənaət etmək üçün öncədən 10 gedişlik kart almaq yaxşı olar. Çünki bu halda yalnız 9 gedişin ödənişi tələb olunur, onuncu gediş bonus olaraq verilir. “Navigo” kartı da ala bilərsiniz. Kartın qiyməti 5 avrodur. 1 həftəlik limitsiz istifadə tarifin qiyməti isə 22,8 avro. Bizim qiymətlərə nisbətən bahadır, amma Paris qiymətlərinə nisbətən qənaətlidir.

Hava limanından şəhərə də “RER” qatarı ilə gələ bilərsiniz, bu həm taksidən 5 dəfə ucuzdur, həm də daha tezdir.

Muzeylərə və görməli yerlərə getməyi öncədən planlaşdırın

Parisin bütün muzeylərinin və diqqətəlayiq yerlərinin iş qrafikini öncədən öyrənmək məsləhətdir. Bundan sonra isə hər şey asandır, görmək istədiyiniz yerlərə xəritədə baxın. Bir-birinə yaxın yerləşənləri bir gün ərzində gəzin.

Məsələn: Eyffel qulləsi, Zəfər Tağı, Luvr muzeyi kimi yerlər mərkəzdə yerləşir. Bu yerlər arasında piyada gəzə bilərsiniz. Bu həm daha ucuz başa gələcək, həm də tez.

Nəzərə alın ki, Parisdə hər zaman turistik növbələr ola bilər. Buna görə bir günə həddindən artıq yeri gəzməyi planlamayın ki, növbələrdə əsəb keçirməyəsiniz.

Səhər yeməyini marketlərdə və ya çorək və şirniyyat mağazalarında alın

Parisin kafelərində və ya restoranlarında adam başı ən azı 25 avro pul xərcləməli olacaqsınız, spirtli içki almasanız belə. Kafe və otellərdəki kofe və kruassandan ibarət səhər yeməyi isə ən azı 9 avroya başa gələcək. Eyni kruassanları və ya sendviçləri hər tində olan adi çörək və ya şirniyyat mağazalarından 3 avroya ala bilərsiniz. Nahar üçün lazım olan hər şeyi isə marketdə tapacaqsınız. Təmiz havada, parkda nahar etməkdən əla nə ola bilər ki? Həm yeməyinizi yeyərsiniz, həm də şəhərin gözəlliklərindən zövq alarsınız.

Nəzərə alın ki, mərkəzdə, turistik yerlərdə olan mağazalarda qiymətlər normaldan bir neçə dəfə yüksəkdir. Buna görə, mərkəzə gəlmədən öncə su və çərəz almaq məsləhətdir.

Şəhərin mərkəzində uzaq yerlərdə otel seçin

Parisin mərkəzində hər şey bahadır. Kitablardan, açıqçalardan tutmuş, ərzaq və kirəyəyədək. Bakıda da belədir, bilirsiniz. Buna görə, mərkəzdən kənarda, məsələn 9, 16, 17 və ya 18-ci sahədə kirayə otel və ya mənzil seçə bilərsiniz. Xidmət səviyyəsi şəhərdən kənar olduğuna görə heç də aşağı düşmür, amma qiymətlər mərkəzdən xoşdur.

Muzey biletlərini onlayn alın

Demək olar ki, bütün Paris muzeylərinin saytları var və oradan öncədən giriş biletlərini ala bilərsiniz. Bu halda həm vaxtınıza qənaət edəcəksiniz (muzeylərin qarşısında bilet almaq üçün uzun növbələr olur) həm də büdcənizə (online biletlərə endirimlər olur).

Yaxşı xəbər: 18 yaşadək hər kəs muzeylərə ödənişsiz daxil ola bilər, buna görə də uşaqlarınızın sayını heç dərd etməyin.

Şəhərdə həm də “Paris Pass” adlanan turistik kartı ala bilərsiniz. Bu kartla 2 gün ərzində 55 muzeyə, attraksion parklarına və şəhərin əsas görülməli yerlərinə əlavə ödəniş etmədən və növbədə gözləmədən girə bilərsiniz. Amma belə kart heç də ucuz deyil. Qiyməti 139 avrodur.

 

 

Поделиться
Поделиться
Aviasales.az mobil tətbiqini yüklə
103 000-dən artıq rəy