Keçən il, yəni Buddizm təqviminə görə 2563-ci, bizim təqvimə görə isə 2020-ci ildə, Cənub-Şərqi Asiya ölkələrindən birinə — Tailanda getmişdik.
Tailand — azad ölkə deməkdir. Bütün qonşu ölkələr bir vaxtlar Fransa və İngiltərənin müstəmləkəsi olduğu halda, Tailand həmin ərazidə yeganə dövlətdir ki, öz müstəqilliyini qoruyub saxlamışdır. Tailanda «gülüş ölkəsi» də deyilir, doğrudan da əhalisi çox gülərüz və mehribandır, 1939-cu ilə qədər ölkə Siam adlanıb.
Biz Banqkokda və Phuket adasında qaldıq. Pandemiyanın başlandığı dövrdə getdiyimizə görə həm paytaxtda, həm də kurort zonası sayılan Phuketdə turistlərin sayı çox az idi.
Viza və gecələmə
Hal-hazırda kovidlə bağlı bir sıra məhdudiyyətlər var, amma keçən ilin əvvəli vizanı rahatlıqla aldıq. Şengen vizası üçün tələb olunan sənədləri yadımıza salıb dəhşət çox sənəd aparmışdıq, lakin hesabda pul haqda arayış, bilet və otel bronu bəs etdi. Səhv etmirəmsə, tək girişli viza üçün rüsum 30$ (51 AZN) idi.
Qaldığımız hər iki yerdə otelləri booking.com saytından seçdik. Səhər yeməyi daxil oteldə gecələmənin qiyməti 50-70 AZN oldu.
Günlük turlar
Phuketdən müxtəlif ekzotik adalara, məbədlərə bir günlük turlar təşkil edilir. Yerli agentliklərdən birini seçib “James Bond” və Ko Rang Yai adalarına, habelə Koh Panyiyə (suda “üzən” müsəlman kəndi) gəmi ilə tur aldıq. Turun qiyməti adam başı 40$ (68 AZN) idi. Qiymətə oteldən transfer, gəmi ilə gəzinti və yol üçün içməli su daxil idi. Getdiyimiz adalarda içkilər və nahar öz hesabımıza oldu. Tailandda ortalama hesab adətən 3-5$ (5-9 AZN) arasında dəyişir, yeməklərin ucuz olduğunu deyə bilərik.
Turizm agentliklərində çox hallarda MDB ölkələrindən gəlmiş insanlar işləyir, turu alarkən onlarla rus dilində, amma yerli əhali ilə adətən ingilis dilində danışırdıq.
Seçdiyimiz tur
Gəzinti 100-dən çox adanın yerləşdiyi Phang Nga körfəzindən başladı. Kanoe ilə körfəzdə dar qayalıqların arasından keçdik. Daha sonra əslində adı Khao Ping Kan olan, amma “James Bond Island” olaraq tanınan adaya gəldik. Khao Ping Kan burada “James Bond” filmlərindən birinin səhnəsi çəkiləndən sonra məhşurlaşıb. Ada deyəndə gözümüzdə fərqli mənzərə canlansa da, bu ada 20 metr hündürlüyündə bir qaya parçasıdır. Turda növbəti dayanacaq Ko Rang Yai və ya “Coconut” adası oldu. “Bounty” reklamlarında gördüyümüzün demək olar ki, eynisi idi. Burada özümüzü tam olaraq Robinzon Kruzo kimi hiss etməsək də, Andaman dənizində üzmək çox gözəl idi.
Ən sonda getdiyimiz Koh Panyee adlı müsəlman kəndinin tarixi təxminən 200 il əvvəl yeni ev axtaran üç ailənin iştirakı ilə başlayıb. İndoneziyanı qayıqla tərk edərək, hamısının yaşaya biləcəkləri və balıq tutacaqları bir yer axtarırlar və ailələrdən biri Phang Nga Bay-dakı bu kiçik adaya rast gəlir. Həmin dövrdə Tailandda əcnəbilər torpaq sahibi ola bilməzdi, ona görə evlərini dənizin ortasında üzən taxtalar üzərində qurublar.
Hal-hazırda ilk dəfə burada məskunlaşan ailələrin nəslindən olan 2000-ə yaxın insan yaşayır. Kənddə məktəb, məscid, hətta futbol meydançası da var. Buranın turistik əraziyə çevrilməsinin səbəbi də məhz bu meydança olmuşdur. Bizim kənddə vaxtımız az olduğundan stadionu görə bilmədik. Nahar da etdikdən sonra gəmi gəzintisi bitdi. Sərhədlərin bağlanması problemi olduğundan tez qayıtdıq, təkrar Tailanda getmək ümidi ilə.
Tailanda ilk dəfə gedənlərə iki məsləhətim var:
- Uyğun restoran və kafeləri TripAdvisor və MapsMe tətbiqlərindən tapa bilərsiniz. Tailandın əsas yeməyi olan Pad Thai (noodle) və Tom Yam supu çox dadlı idi, Ümumiyyətlə, dəniz məhsulları üstünlük təşkil edirdi, hamısı da dadlı. Yemək bişirilən yerlər natəmiz kimi görünsə də, əslində yeməkləri çox dadlıdır, maksimum dəniz məhsulları yeməyə çalışın.
- Bileti seçərkən köçürülmələrə fikir verin, çalışın bir köçürülmədən çox olmasın. Uçuş təxmini 10 saat olduğundan, bir neçə köçürülmə ilə uçmaq yorucu ola bilər. Məsələn, Bakı – İstanbul – Banqkok, Bakı – Doha – Banqkok, Bakı – Dubay – Banqkok biletləri rahat ola bilər.
Müəllif: Pərvin Əmiraslanova