Hərdən biletləri tələsik alırıq, detallara fikir vermirik. Bu da arada-bir səhvlərə gətirib çıxarır. Ad və ya soyadında səhv etsək? Bəs doğum ayı ilə günün yerini səhv salsaq? Nə edək?
Bu hallardan necə qorunmaq olar və ya səhv olsa onu necə düzəltmək olar? Bu məqalədə danışırıq.
Məlumatı yoxlayın
Bir çox aviaşirkət, həm yerli, həm də xarici, adın və soyadın ingilis dilində yazılmağını tələb edir. Bu o deməkdir ki, məlumatı xarici pasportdan götürməlisiniz. Bir-iki hərfə görə sizi uçuşa buraxmasalar, qanqaraçılıq olacaq. Bu heç kimə lazım deyil. Xarici ölkənin sərhədçiləri üçün “Məcidov” və “Majidov” tam fərqli soyadlarıdır. Əgər ad və soyadınız Anar Anarovdan qəlizdirsə, mütləq detallara fikir verin.
Daxili reyslərdə və ya Türkiyəyə uçuş zamanı şəxsiyyət vəsiqəsi ilə uçmaq istəyirsinizsə, ad və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd etməlisiniz.
Səyahət fikirlərindən eyforiya hissi keçirən və bileti tələsik aldıqdan sonra səhv etdiyindən qorxanlara elektron bileti yoxlamağı məsləhət görürük. E-mail ünvanınıza göndərilən biletdə qeyd etdiyiniz məlumata yenidən baxa bilərsiniz.
Səhvlərin düzəldilməsi
Hərflər, ad və soyadın ardıcıllığı, pasport nömrəsi, doğum tarixi, hətta cins bəndində səhvlər olur bəzən.
Aviaşirkətlər biletlərdə dəyişikliyi fərqli qaydalara əsasən edir. Bəziləri ödənişsiz edir, bəziləri isə əlavə ödəniş tələb edir. Hər halda aviaşirkətin saytına daxil olaraq “biletlərin dəyişdirilməsi” bölümünə keçərək qaydaları oxumaq lazımdır. Adətən dəyişikliklərin mümkün və ya qeyri-mümkün olmağı tarifdən asılıdır. Biletin tarifi nə qədər aşağı olsa, üstünlüyü bir o qədər azdır.
Aviaşirkət səbəbini açıqlamadan dəyişiklikdən imtina edə bilər. Əgər saytda sizə lazım olan məlumat yoxdursa, daşıyıcı ilə birbaşa əlaqə saxlaya bilərsiniz.
Dəyişiklik ödəniş tələb edirsə, bunu etməyin 3 yolu var: onlayn, aviaşirkətin kassasında, hava limanında (uçuşdan minimum bir saat əvvəl).
Aviaşirkətlər və qaydalar
Azəbaycan Hava Yollarının və “Buta Airways”-in saytlarında belə bir qeyd var: “Kömək üçün Çağrı mərkəzimizə müraciət edə bilərsiniz, mütəxəssislərimiz səhvləri düzəldə bilərlər. Lakin diqqətinizə çatdırmaq istərdik ki, biz adı və ya soyadı tam dəyişə bilmərik, yalnız hərf səhvlərini düzəldə bilərik.”
Aeroflotun saytında “управление бронированием” bölümündə cinsinizi, pasport nömrəsini və müddətini ödənişsiz dəyişə bilərsiniz.
“Utair” aviaşirtkətinin saytında da məlumatınızı onlayn dəyişə bilərsiniz, amma bu xidmət ödənişlidir.
Macar loukosteri «WizzAir» məlumatı onlayn dəyişmək imkanı verir, amma uçuşa ən azı 3 saat əvvəl. Əgər bir-iki hərf səhvini düzəldirsinizsə, bunu ödənişsiz etmək olar. Əgər üç hərfdən çox dəyişiklik etmək istəyirsinizsə, 46 avro rüsum ödəməlisiniz. Ətraflı məlumata buradan baxa bilərsiniz.
Soyadının dəyişdirilməsi
Əgər biletdə bütöv soyadınızı ödənişsiz dəyişdirmək istəyirsinizsə, bunun üçün səbəb göstərməlisiniz. Məsələn, evlilik. Evlilik şəhadətnamənizi təqdim etsəniz, aviaşirkətlərin çoxu biletdə soyadınızı ödənişsiz dəyişəcək. Hər ehtimala qarşı, uçacağınız aviaşirtkətlə əlaqə saxlayıb əvvəldən bu məlumatı dəqiqləşdirə bilərsiniz.
Xarici aviaşirkətlər sizdən şəhadətnamənin ingilis dilində notarial təsdiqli tərcüməsini və hər iki pasportunuzun kopyasını tələb edə bilər.
Hə, bir də «WizzAir» var. Evlənsəniz də sizdən soyadınızı dəyişdirmək üçün 46 avro rüsüm tələb edəcək.