Bakı — Tbilisi — Batumi — Rize — İstanbul — Bakı — yay üçün belə bir marşrut necədir? Bu marşrut üzrə səyahətinizi özünüz qura bilərsiniz. Bunu necə edə biləcəyinizi anlamaq üçün bu məqaləni oxumağınız kifayətdir. Əsas məqamları nəzərə almışıq.
Azərbaycanın quru sərhədləri hələlik bağlı olsa da, Gürcüstan və Türkiyə arasında quru sərhəd açıqdır. Bu da o deməkdir ki, yarı hava, yarı quru yolla özünüzə maraqlı marşrut qura bilərsiniz.
Necə?
Qısacası belə:
Addım 1. Bakı-Tbilisi uçuşu
Addım 2. Tbilisi-Batumi qatarı
Addım 3. Batumi — Sarp — Rize yolu (avtobus və ya taksi ilə)
Addım 4. Rize-İstanbul uçuşu
Addım 5. İstanbul-Bakı uçuşu
Hər iki ölkəyə giriş qaydaları sadədir. Vaksininiz varsa, və ikinci dozadan 14 gün keçibsə, testsiz gedə bilərsiniz. Vaksininiz yoxdursa, testlə gedə bilərsiniz.
İndi hər addıma ətraflı nəzər yetirək.
Addım 1. Bakı — Tbilisi
Bakıdan Tbilisiyə birbaşa uçuşlar var. Məsələn, 22 iyul, Bakı-Tbilisi bilet (baqaj daxil) 135 AZN. Uçuşlar hər gün yerinə yetirilir, sizə uyğun olan tarixi saytımızda seçə bilərsiniz.
Tbilisidə bir nəfərin mərkəzdə gecələməsi seçdiyi yerdən asılı olaraq 12 AZN-dən başlayır. Sizə uyğun olan gecələməni booking və ya airbnb kimi saytlarda seçə bilərsiniz.
Tbilisi yayda isti və canlı olur. Açıq havada konsertlər, kafelərin verandaları, mağazalar, parklar — ürəyiniz istəyən istirahəti seçə bilərsiniz.
Əgər Tbilisinin gəzməli yerləri ilə maraqlanırsınızsa, şərhlərdə sizə uyğun yerləri tapmaqda kömək edə bilərik. Hələlik isə keçirik ikinci addıma.
Addım 2. Tbilisi-Batumi qatarı
Gürcüstan ərazisində qatar biletlərini bu saytdan ala bilərsiniz, məsələn. Biletləri çox əvvəldən almaq mümkün deyil, ancaq 10 gün əvvəldən ala bilərsiniz. Tbilisi-Batumi qatar biletlərinin qiyməti 15 AZN-dən başlayır. Qatar 6 saata çatır, təmiz və rahatdır.
Batumidə nə etmək olar? Qara dənizdə üzmək, balıq və dəniz məhsulları bazarına getmək, Botanika bağını gəzmək, köhnə şəhərdə qəhvə içmək., muzeyləri gəzmək. Bir sözlə, ürəyiniz istəyən hər şey var.
Gecələmə qiymətləri də Tbilisidə olduğu kimi 12-15 AZN-dən başlayır.
Acar mətbəxi türk mətbəxinə oxşayır. Xəngəl və xaçapuridən yorlusanız, açma börek sifariş edə bilərsiniz, məsələn.
Batumidən Türkiyə sərhədinədək cəmi 20 km yol var. Amma bu marşrutun digər addımlarını gələn postumuzda olacaq.
Addım 3. Batumi — Sarp — Rize yolu
Batumidən Sarpiyə cəmi 20 km yol var. Taksi və ya avtobusla çata bilərsiniz. Sərhədin yaxınlığında (Gürcüstan tərəfdə) əla çimərlik var. Əgər hava küləkli deyilsə, su göz yaşı kimi təmiz olur. Çimdiniz? Əla! İndi sərhədi keçirik. Bunun üçün sizə xarici pasport, peyvənd sertifikatı və ya test cavabı lazım olacaq. Əvvəlcədən hazır olun. Nəzərə alın ki, 19:00-dan sonra keçid yoxdur.
Sərhədi keçdikdən sonra dincəlib, yemək yeyib yola davam etmək olar. Yaxınlıqda avtobus və taksiləri görəcəksiniz. Sizə «Ali Osman Ulusoy» avtobusu lazımdır. Bilet qiyməti 65 TL (7 AZN). İki saata Rizeya rahat çatacaqsınız. Biletləri əvvəlcədən onlayn ala bilərsiniz. Məsələn, bu saytda.
Addım 4. Rize-İstanbul uçuşu
Rizedə gecələm istəyirsinizsə, məkanı airbnb saytında axtarmağınız məsləhətdir. Burada həm daha çox variant var, həm qiymətlər münasibdir, həm də ödəniş təhlükəsizdir. Otel və ev sahibləri bu saytda qoyacağınız şərhə önəm veridiyi üçün sizi razı salmağa çalışacaq. Qiymətlər 17 AZN-dən başlayır. Əgər danışıq aparmaq bacarıqlarınıza güvənirsinizsə, şəhərə gəldikdən sonra da uyğun yer axtara bilərsiniz.
Rizedə nə etmək olar? Qalaya qalxın, şəhərə gözəl mənzərə açılır. Məsсidləri, balaca küçələri gəzin, çay için, təbiətdən zövq alın.
Ok, uçmaq vaxtıdır. Təzə inşa edilmiş Rize-Artvin hava limanından uçuruq. Məsələn, 30 iyul, birbaşa, baqaj daxil, Rize-Artvin — İstanbul uçuşu 99 AZN.
Rizenin mərkəzindən hava limanına 35 km yol var. Avtobusla getməyi məsləhət görürük. Uçuş vaxtını avtobus vaxtı ilə əvvəldən tutuşdurun ki, son anda taksi ilə getməli olmayasınız. Türkiyədə taksi qiymətləri Azərbaycan və Gürcüstana nisbətən bahadır.
Addım 5. İstanbul-Bakı uçuşu
Gəldik çıxdıq İstanbula. İstanbulun gəzməli yerləri haqqında kitab yazmaq olar. Ona görə, görmək istədiyiniz yerlərin siyahısınız sizə buraxırıq.
Bizdən isə alış-veriş həvəskarlarına iki məqalə:
İstanbulun alış-veriş mərkəzləri
İstanbulun bazarları
İstanbulda qiymətlər sizdən asılıdır. 10 AZN-dən başlayaraq hosteldə gecələmək olar. Yeməklər də eynən, hər cibə uyğun variantlar var.
Avibiletlərə gəldikdə isə, uçuşlar hər gün fərqli aviaşirkətlər tərəfindən yerinə yetirilir. Məsələn, 8 avqust, İstanbul-Bakı bileti, baqaj daxil, 282 AZN
Bu qədər!