Hamı covid-dən sonra səyahətlərin necə olacağını anlamağa çalışır. Bəlkə, məcburi evdə bu qədər vaxt oturduqdan sonra hər kəs “Bütün avropanı bir həftəyə gəz!” tipli turlar istəyəcək? Bəlkə əksinə, yenidən insanların arasında olmağı öyrənmək vaxt aparacaq.
Slow travel nədir?
Slow travel — yavaş səyahət deməkdir. Belə səyahət sadəcə təyinat nöqtəsinə çatmaq deyil, prosesin hər etapından zövq almaq deməkdir, tələsmədən gəzmək, insanlarla ünsiyyət qurmaq, yerləri öyrənmək, tanımaq deməkdir. Qlobal səyahət düşüncəsi və fəlsəfəsinin yavaşlamasından söhbət edirik.
Slow travel – daha dərin təəssuratlar üçün yeni yerdə daha çox vaxt keçirmək məharətidir.
Artıq Diqqət turistik yerlərin sayından insanlara və mədəniyyətə yönəldilir. Yavaş səyahət kəmiyyətlə deyil keyfiyyətlə bağlıdır.
Daha bir trend yoxsa yaxşıca unudulmuş keçmiş?
Yavaş səyahət yeni bir şey deyil. Amma bizdə bu haqda təzəlikcə danışmağa başlanıb. Anlayışın özü 1986-cı ildə İtaliyada “fast food” şəbəkələrinin böyüməsinə etiraz olaraq yaranan “slow food” (“yavaş yemək”) hərəkatı ilə bağlıdır. Daha sonra “yavaş yemək”, “yavaş səyahət” və “yavaş yaşam” fəlsəfəsi dünyaya yayıldı.
Bu fəlsəfə konsyumerizmə (həddindən artıq istehlaka) bir özünəməxsus dirənişdir. “Slow”-çular individuallığa və autentikliyə meyillidirlər.
Koronasonrası dünyada, çox güman ki, daha çox səyahətçi slow travel-i seçəcək. Çünki bu il hamımız virusla bağlı ağır xəbərlərdən və bitməyən karantinlərdən yorulmuşuq, ruhumuzun dincələ biləcəyi səyahətləri gözləyirik.
Nə danışırsınız, “slow” nədi yüz ildə bir səyahət edirəm...
Belə bir fikir yaranıb ki, “slow travel” ancaq tez-tez səyahət edənlər və səyahətdən doyanlar üçündür. Adi insanlar isə “bir şəhərə bir gün vaxt” rejimində gəzməlidir.
Əslində isə, seçim yalnız insanın özündən asılıdır. Özünüzə “məni maraqlandıran nədir, mənə rahat olan ritm hansıdır, səyahətdən nə gözləyirəm?” tipli suallar verin və cavablara əsasən seçim edin. Bu sizin səyahətinizdir və sizin maraqlarınıza və prinsiplərinizə uyğun olmalıdır.
Məsələn, bir tərəfdən Eyfel qülləsinə çıxıb o hündürlükdən Parisə baxmaq istəyir insan, digər tərəfdən isə bu saatlarla sırada durmaq, izdihamla qülləyə qalxmaq deməkdir. Siz məhz bu qülləyə çıxmaq istəyirsiniz, yoxsa Parisə hündürlükdən baxmaq? İkincidirsə, şəhərdə alternativ yüksəkliklər var. Belə sualları cavablandırdıqca və öz prinsiplərinizi anladıqca, səyahətinizi daha rahat və dolğun yaşaya biləcəksiniz.
“Slow travel” frilans və ya uzaqdan işləyən insanlar üçün də əla seçimdir. İş və səyahəti birləşdirmək üçün idealdır.
Yavaş səyahətin üstünlükləri nədir
- Belə səyahət stressinizi azaldır. Əgər səyahətin hər dəqiqəsini planlamasaz, daha az əsəb keçirəcəksiniz.
- Frilans və ya uzaqdan işləyən insanlar üçün əla seçimdir. İş və səyahəti birləşdirmək üçün idealdır.
- Bu cür səyahətlər xırda biznesə və yerli mədəniyyətə dəstək göstərir.
- Özünüzün sakitcə təşkil etdiyiniz “Slow travel” sizə tələsik turlardan daha ucuz başa gələ bilər.
Yavaş səyahətlərə necə başlayım?
- Başdansovma, “Avtobusda gecələmə ilə üç günə beş Avropa şəhəri” tipli turlardan uzaq olun. Bir yer seçin, orda daha çox vaxt keçirin. Yerli mədəniyyət, mətbəx, musiqi və həyat tərzi ilə tanış olun.
- Gündəlik kirayə ev və ya otaqlara üstünlük verin və ya balaca yerli butik-otelləri seçin.
- Özünüzə azad olmaq imkanı verin. Hər dəqiqənizi planlaşdırmayın. Səyahətdə günü plansız da başlaya bilərsiniz. Bəli, belə etmək olar.
- Hansısa turistik yerləri görməməkdən qorxmayın. Şəhərin bütün muzeylərini görmək məcburiyyətində deyilsiniz.
- Mədəni tədbirlərə daha çox vaxt ayırın: qastro və ya şərab turlarına baş çəkin, yerli yarmarkalara, xudmani yerli konsertlərə gedin.
- Biraz düşünün, sizə nə hüzur verir? Bəlkə, bütün gün restoranın pəncərəsindən insalara baxmaq istəyirsiniz? Bəlkə, parkda oturub kitab oxumaq istəyirsiniz? Evdə vaxt tapmadığınız şeyləri səyahətdə edə bilərsiniz.
- Piyada gəzin, velosiped və ya skuterdən istifadə edin.
- İnsanlarla tanış olun. Bir çox maraqlı səyahət əhvalatı yeni tanışlıqlarla başlayır! Yerli insanlardan şəhərin maraqlı amma turistik olmayan yerlərini öyrənin.
“Slow travel” təkcə xaricə getmək və ya uzun məzuniyyətdə olmaq demək deyil. Ətrafınızdakı həyatı biraz yavaşladmaq, hər gününüzdən zövq almaq deməkdir. Siz hətta özünüzü doğma şəhərinizdə “Slow” turist hiss edə bilərsiniz. Məsələn, işdən evə olan marşrutunuzu dəyişərək, və ya şəhərin adətən getmədiyiniz yerlərini gəzərək. Eksperiment aparın! İnanırıq ki, bu sizə gözləmədiyiniz gözəl hisslər yaşadacaq.