Uçurum üzərində asılı körpü, İsveçrə
«Titlis Cliff Walk» — Avropanın ən yüksək asılı körpüsü hesab edilir. Dəniz üzərindən 3000 metr yüksəklikdə, Titlis dağındadır. Eni bir metr, uzunluğu isə 100 metrdir. Körpüdən Alp dağlarına və aşağıda olan buz «iynələrinə» mənzərə açılır. Külək korpünü yellədir. Amma körpünü inşa edən mühəndislər bunun heç bir qorxusunun olmadığını bildirir. Həm də deyirlər ki, körpü saatda 200 km sürətli küləyə və 500 ton ağırlığa da dözə bilər. Gözlə, pandemiya bitsin, gedib rahat yoxlaya biləcəksən.
Koordinatlar
İsveçrə, Obvalden, Engelberq xizək kurortu, Titlis dağı, "Titlis Cliff Walk" körpüsü.
Mamaya nə demək olar?
Körpü həqda əvvəldən deməyin, arvadın ürəyi tutar. Kurortun gözəl şəkillərini göstərin, necə sakit vaxt keçirəcəyiniz haqda danışın. Körpünün üzərində dərhal şəkil paylaşmayın! Otelə qayıdıb zəngləşəndə paylaşarsınız ki, rahat olsun.
«Ölüm yolu», Çin
Uçurum üzərində gəzməyi sevənlər üçün daha bir yer var, Çindədir. Bu yol «Hua Shan» dağının şimal zirvəsindən cənub zirvəsinə aparır. Yolun eni yarım metrdən artıq deyil. Tutunmaq üçün yalnız kənarda olan zəncirlərdən istifadə edə bilərsiniz. Bir neçə il bundan öncə turistlərə siğortalanmaq üçün ip verməyə başlayıblar. Yer həqiqətən təhlükəlidir, hər il bir neçə turist yoldan qopub uçuruma düşür.
Koordinatlar
Çin, Şensi provinsiyası, Hua Şan dağə
Mamaya nə demək olar?
Çində turistlərə hörmətlə yanaşırlar 🙂 Zəif olsa da, arqumentdir.
Havai dalğaları
Burada dünyanın ən təhlükəli dağları ilə üzləşmək olar. Dalğaların hündürlüyü 30 metr, sürəti isə saatda 50 kilometrə çatır. Belə böyük dalğaları şimal sahilində noyabrdan mart ayınadək görmək olar. Tau-sörfinq burada yaranıb. Tau-sörfinqdə sörfçünü su motosikli ilə dalğanın yanına aparırlar və müşahidə edirlər. Burada sörfinqlə məşqul olmaq ölümlə oyun oynamaq kimidir. Buna baxmayaraq, sörferlər dalğanı qət etmək, turistlər isə onu seyr etmək üçün buraya axışır.
Koordinatlar
Havai, Maui adasının şimal sahili, noyabr-mart ayları aralığı.
Mamaya nə demək olar?
Havai ABŞ-ın ən təhlükəsiz ştatıdır və ölkənin yeganə yeridir ki, harada silahdan istifadə qanunsuz hesab olunur.
Öküzdən qaçış, İspaniya
İldə bir dəfə, 7-14 iyul aralığında, İspaniyanın Pamplona adlanan balaca bir şəhərində öküzləri küçəyə buraxırlar (Bakıda da «öküzləri» ildə ancaq bir həftə küçəyə buraxsaydılar, pis olmazdı, nə isə). Yerli camaat yüzlərlə kilometri öküzlərdən qaçır. Təəssüf ki, hərdən xoşagəlməz hadisələr baş verir, amma adətən hər şey yaxşı bitir. İspaniyaya gedib bu festivala qoşulmaq olar (pandemiyadan sonra), amma məsləhətimiz odur ki, qaçmayısınız, eyvandan baxasınız.
Koordinatlar
İspaniya, Pamplona şəhəri, 7-14 iyul, San-Fermin festivalı.
Mamaya nə demək olar?
Heç deyin ki, «Mama, mənim orda qaçmaq fikrim yoxdur! „Balkondan“ durub sakit baxacağam!».
Ən təhlükəli daş, Norveç
Kyeraqbolten — daşın adı belədir. Bu daş iki qayanın arasında ilişib qalıb. Daşın altında min metrlik uçurum var. Burada şəkil çəkdirmək üçün hər il minlərlə turist gəlir. Ən çətini ilk addımı edib ayaqda qalmaqdır. Yağışlı və küləkli günlərdə daşın üzərinə çıxmaq məsləhət deyil.
Koordinatlar
Norveç, Kyeraq platosu, Lizerfyorden zirvəsi.
Mamaya nə demək olar?
Əgər daşın üzərində şəkil çəkdirmək planınız varsa, buradan hələ heç kimin yıxılmadığını deyə bilərsiniz. Çox güman ki, bu onu sakitləşdirməyəcək. Buna görə də, dünyanın ən təhlükəsiz, gözəl və varlı ölkələrindən birinə səyahət edəcəyiniz deyin.