İlk təyyarə 1903-cü ildə uçuşunu yerinə yetirmişdi. O vaxtdan bir çox şey dəyişib: təyyarələri daha taxtadan hazırlamırlar, sərnişinlərə xüsusi qoruyucu eynək və dəbilqə vermirlər, sərnişinlər üçün bortda yeməklər, içkilər, siqaret çəkənlər üçün yerlər hazırlayırlar... Stop! Təyyarədə siqaret çəkən yerlər? Bu ki qadağandır!
Bəli, hal-hazırda qadağandır, amma əvvəllər təyyarədə siqaret çəkməyə icazə verilirdi.
Siqaret çəkməyə icazə verilən son reys, “Aeroflot” aviaşirkətinin 2002-ci ildə yerinə yetirdiyi Moskva-Şanxay reysi olub. Bu məqalədə təyyarədə siqaret mövzüsunda danışırıq.
Əvvəllər icazə verilirdi?
Bəli, bütün uçuşlarda. Anti-tütün kampaniyalarından, siqaret paçkalarının üzərində onun ziyanları haqqında məlumat yerləşdirilməmişdən xeyli öncə, siqaret çəkmək status və stil əlaməti idi. Hamı və hər yerdə siqaret çəkirdi. Özünüz də bunu köhnə amerikan filmlərində görmüsünüz, çox güman ki. 20-30 il bundan öncə uçuş qaydaları xeyli yumşaq idi.
Niyə qadağan etdilər?
Ağla gələn ilk fikir – salonda yanğın riskidir. Təəccüblənəcəksiniz, amma bu əsas səbəb deyil. Qadağa yaranan vaxtadək tyyarələrdə siqaret ucbatından heç bir fövqəladə hal qeydə alınmayıb.
İkinci, və daha əsaslı səbəb – siqaret çəkməyən sərnişinlərin narazıçılığıdır, əsasən də salonda uşaqlar olanda. Adətən siqaret çəkilən yerlər təyyarənin burnuna yaxın yerləşirdi və ventilasiya sistemi tüstülü havanı təyyarənin quyruğu tərəfə ötürürdü, və hamı tütün tüstüsü olan hava ilə nəfəs almalı olurdu.
Uşaqlar və tütün tüstüsü – heç də yaxşı kombinsiya deyil. Məhz bu mövzudan uçuşlarda tütünlə mübarizə başladı. Artıq 1986-cı ildə 3 saatdan qısa olan uçuşlarda siqaret çəkməyi qadağan etdilər. Bundan bir neçə il sonra yalnız təyyarə endikdən sonra siqaret çəkməyə icazə verilirdi – oturursunuz, hamının salondan çıxmasını gözləyirsiniz və rahatca siqaret çəkirsiniz. 2001-ci ildə hələ siqaret çəkməyə icazə verən reyslər var idi. Qayda da sadə idi, əgər uçuş 10 saatdan artıq dəvam edirsə, siqaret çəkilə bilərdi.
Üçüncü səbəb – yanacağa qənaət etmək. Bunun tütünlə nə əlaqəsi? Sadə: bütün təyyarələrin salonu hermetik qab kimidir və onu ventilasiya etmək lazımdır, əks halda hamı boğulacaq. Salonda nə qədər çox siqaret çəkən sərnişin olurdusa, bir o qədər çox ventilasiya etmək tələb olunurdu. Bu isə daha çox yanacaq istifadəsinə gətirib çıxarırdı. Aviaşirkətlər xərcləri saydı, siqaret çəkilən və çəkilməyən reyslərdə yanacaq sərfiyyatını müqayisə etdi və hər il siqaret çəkən sərnişinlər ucbatından yüz minlərlə dollar əlavə pul xərclədiyini anladı.
Siqaret çəkənlər necə reaksiya verdi?
Uçuşlarda imtina etmədilər, gördüyünüz kimi. Ən maraqlısı isə odur ki, siqaret çəkən sərnişinlərin 40% sorğuda qadağanı dəstəklədi. Bunun onların daha az siqaret çəkməsinə kömək etdiyini bildirdi. Bəziləri az siqaret çəkmək üçün xüsusi ilə siqaret çəkilməyən yerləri seçdiyini vurğuladı.
Dözə bilmirəm! Mənə siqaret verin!
Teoretik olaraq, əgər yükdaşıyan, sanitar və ya hərbi təyyarə ilə uçursunuzsa, siqaret çəkə bilərsiniz. Orada da qadağandır, amma çox güman ki, heç kim xüsusi fikir verməyəcək. Bəzi sərnişinlər hələ də təyyarədə tütün qadağası ilə barışa bilmir, buna görə internetdə təyyarənin sanitar kabinində fərqli üsullarla tüstü sensorlarını aldatmaq üçün təlimatlar var. Bunu etmək çox təhlükəlidir və biz heç bir halda məsləhət görmürük. Təhlükə administrativ cərimələrdən və aviaşirkətin qara siyahısına düşməkdən ibarətdir.
Daha bir variant – rüşvət verərək ekipajla danışmaq və icazə almaq. Amma belə bir hal heç bir normal aviaşirkətin reysində mümkün deyil. Cərimələrə gəldikdə isə, Yaponiyada, məsələn, təyyarədə siqaret çəkməyin cəriməsi 5000 ABŞ dollarıdır. Təsəvvür edin, o pula nə qədər siqaret almaq olardı.